Azərbaycan Dövlət Bankı (1919)
Azərbaycan Dövlət Bankı — Azərbaycan Xalq Cümhuriyyəti maliyyə siyasətinin həyata keçirilməsini təmin edən mühüm dövlət qurumu.
Dövlətin maliyyə-iqtisadi müstəqilliyinin təmin edilməsi məqsədilə yaradılmışdı. Belə ki, Rusiya Mərkəzi Bankının Bakıdakı şöbəsi Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran mühüm dövlətçilik vəzifələrini yerinə yetirə bilməzdi. Buna görə də, Hökumət 1919-cu il martın 7-də ADB-nın təşkili barədə layihəni bəyəndi və bankın nizamnaməsini hazırlamağı maliyyə nazirinə tapşırdı. 1919-cu il, mayın 20-də ADB-nın nizamnaməsi Nazirlər Şurasına təqdim olundu.
Nizamnamə hazırlanarkən Rusiya Dövlət Bankının nizamnaməsi əsas götürülmüş, lakin bir sıra dəyişikliklər və ixtisarlar edilmişdi. Məsələn, banka qanunvericilik qaydasında müəyyən olunmuş əsaslarla pul nişanları buraxmaq hüququ verilmişdi, mərkəzi idarənin və onun ayrı-ayrı qurumlarının tərkibi ixtisar olunmuş, eyni zamanda, mərkəzi idarə Bakı şəhərindəki əməliyyat şöbəsi ilə birləşdirilmişdi, bankın yerli strukturlarının şöbə və agentlik hesab edilməsi məqbul sayılmamış, yaradılması nəzərdə tutulan strukturların hamısı bölmə adlandırılmışdı. Onların ştat cədvəli, hüquq və vəzifələri də buna müvafiq olmalı idi. Nizamnaməyə görə, ADB-nın vəzifələri kommersiya banklarının vəzifələrindən geniş idi və o dövlət xarakterli bir sıra tapşırılqarı, o cümlədən pul emissiyasının yerinə yetirməsi dövlətin maliyyə aparatı kimi müvafiq hallarda digər ölkələrin eyni orqanları ilə sazişlər bağlanması, valyuta məsələsinin tənzimlənməsi və s. funsksiyaları yerinə yetirməli idi.